
Azərbaycanın sol təmayüllü Sosial - Demokrat Partiyası (ASDP) həmsədri, eks - prezident Ayaz Mütəllibovun vətənə qayıtmasına şəraitin yaradılması ilə bağlı dövlət başçısına müraciət edib.
«Bu məsələ ilə bağlı prezidentə ilk dəfədir ki, müraciət etmişik. Partiya ümid edir ki, dövlət başçısı Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun hüquqlarını təmin edəcək», deyə ASDP- nin həmsədri Araz Əlizadə bazar ertəsi TrendNews - a bildirib.
ASDP - nin bələdiyyə və parlament seçkilərinə münasibətinə gəlincə, Əlizadə bildirib ki, bu seçkilərdə iştirak etmək üçün bir sıra partiyaların yaradacaqları birliklərdə təmsil olunmayacaq.
«Partiya bələdiyyə və parlament seçkilərinə qatılacaq, belə ki, partiyanın ölkədə keçiriləcək bütün seçkilərdə iştirak etməsi barədə qərarı var», - deyə ASDP həmsədri bildirib. /Trend/