
Azərbaycanda oktyabrın 15-də keçirilən prezident seçkiləri ərəfəsində yaradılmış Müxalifətin Əməkdaşlıq Mərkəzi seçkilərdən sonrakı mərhələdə də fəaliyyətini davam etdirəcək. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, hazırda mərkəzə üzv olan təşkilatların daxilində müzakirələr aparılır və yaxın günlərdə əməkdaşlığın konkret istiqamətləri müəyyən olunacaq. A. Hacılı bildirib ki, ilkin təkliflərə əsasən birgə fəaliyyətin əsas istiqamətləri Seçki Məcəlləsinin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası və “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər olacaq.
Qeyd edək ki, Müxalifətin Əməkdaşlıq Mərkəzində Müsavat, Liberal, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf partiyaları, “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur. /APA/