
Prezident seçkilərində iştirak edib, dövlət büdcəsindən təbliğat-təşviqat kampaniyası üçün 28 min 800 manat alan Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev bu vəsaiti MSK-ya qaytarmaq niyyətində deyil. H. Hacıyev APA-ya bildirib ki, hazırda seçki fondunda 18 manat 54 qəpik qalıb. O, qalan pulun seçki kampaniyasına xərcləndiyini deyib. “MSK-ya yalnız 18 manat 54 qəpiyi qaytaracağam. Hesabat verəndə də qalan pulları hara xərclədiyimi göstərəcəyəm”.
Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə seçki fondunda pul qalmadığını, bununla belə, MSK qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, bu vəsaiti 1 il müddətində hissə-hissə qaytaracağını qeyd edib: “MSK bununla bizi bir qədər gözükölgəli etmək və hər dəfə xatırlatmaq istəyir ki, bunlar seçkidən sonra pulu qaytarmırlar. Buna görə də məsələləri 3 faizin aşağısında həll ediblər ki, pul qaytarılsın. Buna baxmayaraq, biz heç bir dövlət orqanının minnətini götürmək fikrində deyilik”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də qanunun tələbinə uyğun olaraq 28 min 800 manatı 12 ay müddətində MSK-ya qaytaracağını bildirib.
BAXCP sədri Qüdrət Həsənquliyev MSK ilə danışıq aparılacağını, pulun 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürüləcəyini bildirib: “Bizim seçki fondunda pul qalmayıb. Hamısını reklam çarxları, plakatlara xərcləmişik”.
Qulamhüseyn Əlibəyli də qanunun tələbinə əməl edəcəyini deyib: “Qanun nəyi tələb edirsə, ona uyğun addım atılacaq”.
Azərbaycan Liberal Demokrat partiyasının sədri Fuad Əliyev də qanunda nəzərdə tutulan addımları atacaqlarını deyib: “MSK pulun qaytarılması ilə bağlı müraciət etsə, qaytaracağıq. Bu vəsaiti qaytarmaq üçün kifayət qədər imkanımız var”.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov APA-ya açıqlamasında bildirib ki, pulun qaytarılması ilə bağlı namizədlərə müraciət etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, bu məsələlər qanunvericilikdə nəzərdə tutulub və namizədlər qanuna əməl etməlidirlər: “Mən düşünürəm ki, namizədlər seçki qanunvericiliyini gözəl bilirlər. Onların qanuna əməl edəcəyinə ümid edirəm”. Namizədlərdən kiminsə sözügedən vəsaiti geri qaytarmayacağı halda isə N. Məmmədov məsələnin sivil yolla həll ediləcəyini deyib: “Müasir dünyada da sivil yol məhz məhkəmə sayılır”.
Qeyd edək ki, Seçki Məcəlləsinin 94.3.3-cü və 197-ci maddələrinə və MSK-nın qəbul etdiyi Təqvim Planına görə, səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilmiş səslərinin azı 3 faizini toplamamış, Seçki Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmayan qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarında pul olmadıqda onlar dövlət büdcəsindən alınmış vəsaiti geri qaytarmalıdırlar. Qanunun tələbinə görə, namizədlər yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılması barədə öhdəlik götürdükdə, səsvermə günündən başlayaraq 12 ay müddətində, həmin öhdəliyi götürmədikdə isə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək vəsaiti geri qaytarmalıdırlar. Yekun maliyyə hesabatı isə seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən gec 10 gün müddətinə müəyyənləşdirilib.
Xatırladaq ki, prezidentliyə namizədlərdən yalnız hazırkı dövlət başçısı İlham Əliyev 3 faizlik baryeri keçib. O, seçicilərin 88,73 faiz səsini alıb. /APA/