
Prezident seçkilərində iştirak etmiş bəzi namizədlər seçkilərdən sonrakı mərhələdə əməkdaşlıq etmək üçün müzakirələrə başlayıblar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev APA-ya açıqlamasında bildirib ki, hazırda danışıqlar Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və Aydınlar Partiyasının Təşəbbüs Qrupunun sədri Qulamhüseyn Əlibəyli ilə aparılır. O, hələlik əməkdaşlığın istiqamətlərinin ətraflı müzakirə edilmədiyini qeyd edib: “İstiqamətləri müzakirələr zamanı müəyyənləşdirəcəyik. Biz hətta bir blokda da birləşə bilərik. Bu blok gələcəkdə hansısa mərhələdə vahid bir partiyaya da çevrilə bilər. Bu, mənim mövqeyimdir, amma tək məndən asılı olan məsələ deyil. Seçkidə iştirak edən üç namizəd birgə əməkdaşlıq sənədi imzalayacaq. Az da olsa seçkilərdə müəyyən sayda insanların səsini qazanmışıq və bu imkanlar bir araya gətirilsə, Azərbaycan bundan qazanar. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”. /APA/