
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Mollazadə səsvermənin gedişini DİP-in 350 müşahidəçisinin, həmçinin partiyadan olan seçki komissiyaları üzvlərinin izlədiklərini deyib. O bildirib ki, proses ümumilikdə demokratik keçib, seçicilərin öz iradəsini ifadə etmək imkanları olub. A. Mollazadə bəzi istisnalar xaricində prosesdə ciddi qüsurların, qeyri-qanuni halların müşahidə olunmadığını söyləyib: “Builki prezident seçkiləri bundan əvvəl Azərbaycanda keçirilmiş seçkilərdən pozitiv istiqamətdə fərqlənib. Sadəcə, bəzi məmurlar öz köhnə peşələrindən əl çəkməyərək bəzi seçki məntəqələrində qanunsuz yollara əl atmağa cəhd göstəriblər. Həmçinin bəzi məntəqə seçki komissiyalarının üzvlərinin təcrübəsizliyi də üzə çıxıb”. A. Mollazadə Azərbaycanın seçki sisteminin Avropa seçki sisteminə daha da yaxınlaşdırılmasının vacibliyini vurğulayıb: “Azərbaycanda seçki sistemi partiyaların monopoliyasından çıxarılmalı, seçki komissiyaları daim işləyən peşəkar məmurlardan təşkil olunmalıdır”. /APA/