
Oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə bağlı Dairə Seçki Komissiyalarının (DSK) əksəriyyətindən yekun protokol Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsvermə başa çatdıqdan sonra 48 saat müddətinə DSK-lar yekun protokolu MSK-ya təqdim etməlidir.
Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq ən gec 10 gün müddətinə MSK seçkilərin nəticələrinə yekun vuraraq, Konstitusiya Məhkəməsinə göndərəcək.
Konstitusiya Məhkəməsi isə qanunvericiliyin tələbinə görə, səsvermədən sonra ən gec 14 gün müddətinə seçkilərin nəticələrini elan edəcək və prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsinin qərarından sonra 3 gün müddətində and içəcək.
A. Sarıyev onu da qeyd edib ki, səsvermədən sonrakı müddət ərzində seçki ilə bağlı MSK-ya hələlik heç bir şikayət daxil olmayıb. /APA/