
“Azərbaycanın seçki qanunvericiliyi MDB məkanında və bəlkə də dünyada ən yaxşılarından biridir. Bu qanunvericilik bütün beynəlxalq standartlara cavab verir”. APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın sədri, bu qurumun müşahidə missiyasının rəhbəri, Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlova deyib. Azərbaycanın seçki qanunvericiliyinə edilən dəyişikliklərdən danışan Orlova bildirib ki, Azərbaycanda əvvəllər keçirilmiş seçkilərdən sonra beynəlxalq institutlar tərəfindən edilən əhəmiyyətli təkliflərin hamısı nəzərə alınıb. MDB PA müşahidə missiyasına Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Belarus, Tacikistandan 33 müşahidəçinin daxil olduğunu deyən Orlova onların seçki prosesini Bakı, Gəncə, Quba və Lənkəranda izləyəcəyini vurğulayıb. S. Orlova həmçinin bildirib ki, seçkiləri izləyəcək beynəlxalq missiyaların tərkibində ATƏT və Avropa Şurasının xətti ilə 45 rusiyalı müşahidəçi var. Mətbuat konfransında çıxış edən MDB Parlamentlərarası Assambleyanın baş katibi Mixail Krotov bildirib ki, qurumun uzunmüddətli müşahidəçiləri avqustun 1-dən Azərbaycandadır.