
Sabah keçiriləcək prezident seçkiləri ilə bağlı bütün rəsmi məlumatlar Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzindən yayılacaq.
APA-nın məlumatına görə, mərkəz seçkilərlə bağlı tam hazır vəziyyətə gətirilib. Mərkəzdə lazımı texniki avadanlıqlar quraşdırılıb, Dairə Seçki Komissiyaları (DSK) ilə mərkəzin kompüter şəbəkəsi yaradılıb. Mərkəzin rəhbəri Ramil Hüseynov APA-ya bildirib ki, seçkilərlə bağlı bütün məlumatlar aşağı seçki dairələrindən operativ olaraq “Seçkilər” İnformasiya Mərkəzinə daxil olacaq. Onun sözlərinə görə, hər bir DSK ilə birbaşa əlaqə var, səsvermə başlayandan yekunlaşana kimi mərkəz tərəfindən 5 hesabat yayılacaq. Bu hesabatlarda ictimaiyyətə seçkilərdə iştirak edən seçicilərin aktivliyi barədə məlumat veriləcək.
R. Hüseynov hələlik DSK-larla əlaqədə hər hansı texniki problemlərin olmadığını və bunun gözlənmədiyini qeyd edib: “Bütün DSK-lar müasir kompüter dəsti ilə təmin edilib. DSK operatorlarına treninqlər keçirilib və onlar öz işlərinin öhdəsindən lazımı səviyyədə gələcəklər”. R. Hüseynov mərkəzə məlumatların DSK-larda olan operatorlar tərəfindən ötürüləcəyini qeyd edib.
Mərkəz rəhbəri səsvermənin nəticələri ilə bağlı ilkin nəticələrin saat 22.00-dan başlayaraq açıqlanacağını qeyd edib: “İnformasiya mərkəzi bütün seçki dönəmlərində aktiv fəaliyyət göstərib. Təkcə seçkilərin keçirilməsi ilə bağlı deyil, seçici siyahılarının dəqiqləşdirilməsi prosesi zamanı da Dövlət Avtomatlaşdırılmış Sistemindən istifadə edilir. Seçki günü isə biz xüsusi rejimdə işləyəcəyik”.
Qeyd edək ki, “Seçkilər” İnformasiya Mərkəzinin 25 əməkdaşı, həmçinin 125 seçki dairəsinin hər birində 1 operator 24 saat iş başında olacaq. Bütün jurnalistlər və müşahidəçilər səsvermə günü informasiya mərkəzində sərbəst çalışa bilərlər. /APA/