
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiləri izləmək üçün Bakıda səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş və həmvətənlərlə əlaqələr üzrə komitənin sədri Aleksey Ostrovski və Rusiya Federasiya Şurası sədrinin müavini, MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova ilə ayrı-ayrılıqda görüş keçirib. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, hər iki görüşdə M. Pənahov prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib, seçkilərin tam demokratik, azad və şəffaf keçirilməsi üçün bütün imkanların səfərbər olunduğunu deyib.
Qonaqlar da öz növbəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığı, seçkilərə hazırlığın səviyyəsini yüksək qiymətləndiriblər. Svetlana Orlova məntəqələrdə quraşdırılmış veb-kameralar vasitəsilə səsvermənin gedişinin izlənməsinin təqdirəlayiq olduğunu qeyd edib.
Məzahir Pənahov həmçinin oktyabrin 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb. MSK-nın nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, görüşdə M. Pənahov keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat verib, seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki məntəqələrinin 500-də veb-kameraların quraşdırıldığını diqqətə çatdırıb. MSK sədri seçkiləri 1200-dən çox beynəlxalq, 45 minə yaxın yerli müşahidəçi, 100-dən çox xarici KİV nümayəndəsinin izləyəcəyini qonağın diqqətinə çatdırıb.
Piter Semnebi seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O Avropa İttifaqının bu seçkilərin azad və demokratik keçiriləcəyinə inandığını və bunda maraqlı olduğunu vurğulayıb. /APA/