
Naxçıvan Muxtar Respublikasında (MR) prezident seçkisini 36 beynəlxalq müşahidəçi izləyəcək.
Naxçıvan MR-ın Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovun Trend News-a bildirdiyinə görə, beynəlxalq müşahidəçilərin 24-ü ATƏT-i, 12-si isə MDB-ni təmsil edir.
MDB-nin Seçkiləri Müşahidə edən Koordinasiya Şurasının Naxçıvan MR-dakı qrupunun rəhbəri Aleksandr Mixayloviç Oskolskinin Trend News-a bildirdiyinə, görə MDB-nin müşahidəçiləri Muxtar Respublikadakı 7 seçki dairəsi üzrə müəyyən aralıqlarla bütün məntəqələrdə seçkiləri izləyəcəklər. Beynəlxalq müşahidəçilər seçkinin sonunda səslərin hesablanmasında da iştirak edəcəklər.
Bundan əlavə, Muxtar Respublika üzrə 25 seçki məntəqəsində veb-kameralar quraşdırılıb ki, həmin kameralar vasitəsilə dünyanın istənilən nöqtəsində seçkiləri izləmək mümkün olacaq.
Naxçıvan Muxtar Respublikasında 7 Seçki Dairəsi üzrə 316 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrin 292-sində mülki, 24-ündə isə hərbi vətəndaşlar öz səsvermə hüququndan istifadə edəcək.
Muxtar Respublika üzrə ümumilikdə 248335 seçici qeydə alınıb ki, onların da 6635 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Səsvermə günü ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00, 19:00) Bakıya seçkilərlə bağlı məlumat ötürüləcək. /Trend/