
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycanda prezident seçkilərinə hazırlıq səviyyəsini yüksək qiymətləndirir.
“Avropa İttifaqı Azərbaycanda azad və demokratik seçkilərin keçiriləcəyinə inanır və bunda maraqlıdır”, - Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çərşənbə axşamı Bakıda bildirib.
Qarşıdakı prezident seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi çərşənbə axşamı Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb, - Müstəqil Mətbuat Mərkəzindən bildiriblər.
Qonağı seçkilərə hazırlıq prosesi haqqında məlumatlandıran Pənahov bildirib ki, seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. 500 seçki məntəqəsində veb-kameraların quraşdırıldığı da vurğulanıb.
Azərbaycan MSK-nın sədri bildirib ki, seçkiləri 1200-dən çox beynəlxalq, 47 minə yaxın yerli müşahidəçi, 100-dən çox xarici KİV nümayəndəsi izləyəcək. Beynəlxalq müşahidəçilər sırasında Avropa Şurası və onun Parlament Assambleyasının, ATƏT/DTİHB-in, MDB-nin və bu qurumun Parlamentlərarası Assambleyasının, Avropa Parlamentinin və digər nüfuzlu təşkilatların, eləcə də 50-dən çox xarici dövlətin nümayəndələri var. /Trend/