
“Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası 2008-ci il prezident seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinin son həftəsinin mətbuat monitorinqinin nəticələrini açıqlayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, oktyabrın 2-dən 13-dək olan dövrdə mətbuatda prezident seçkiləri ilə bağlı 213 material dərc edilib. Bu, təbliğat-təşviqat kampaniyası dövründə qeydə alınan ən yüksək göstərici olub. Monitorinqi aparılan nəşrlərdə son həftədə analitik materiallar da yer alıb. Bu məqalələr əsas etibarilə bu və ya digər namizədin təbliği ilə bağlı analitik yazılar olub. Beynəlxalq qurumların təmsilçilərinin rəyləri və açıqlamaları isə ənənəvi olaraq seçki ilə bağlı informasiyaların əsasını təşkil edib. Eləcə də son həftədə mətbuat MSK-nın fəaliyyətini diqqətdə saxlayıb.
Bir həftə müddətində İlham Əliyev haqqında 55, Hafiz Hacıyev haqda 11, Qulamhüseyn Əlibəyli haqda 10, İqbal Ağazadə haqda 9, Qüdrət Həsənquliyev haqda 7, Fazil Qəzənfəroğlu haqda 4, Fuad Əliyev haqda 2 yazıya rast gəlinib. İ. Əliyev haqda yazıların 50-si lehinə, 5-i əleyhinə olub. Hafiz Hacıyevin əleyhinə 7 yazı nəşr edilib. Q. Əlibəylinin lehinə 8, əleyhinə 2, İ. Ağazadənin lehinə 7, əleyhinə 2, Q. Həsənquliyevin lehinə 6, əleyhinə 1, F. Qəzənfəroğlunun lehinə 3, əleyhinə 1, Fuad Əliyev əleyhinə isə 2 yazı olub. Son həftədə qəzetlərdə namizədlərin siyasi reklamlarına da rast gəlinib. Amma bu üsuldan yalnız İqbal Ağazadə, Qüdrət Həsənquliyev və Fazil Qəzənfəroğlu istifadə edib. /APA/