
Bakıdakı “Təbriz” kinoteatrının qarşısında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin təbliğat xarakterli mitinqi keçirilib. APA-nın məlumatına görə, saat 17:00-da başlayan mitinqi açan namizədin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli Q. Həsənquliyevin siyasi fəaliyyəti haqda danışıb. Vahid Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov və Təkamül Partiyasının sədri Teyyub Qəni namizədin platformasını yüksək qiymətləndirərək seçiciləri Q. Həsənquliyevə səs verməyə çağırıblar. Prezidentliyə namizəd isə çıxışını sosial-iqtisadi, hərbi və elm sahələrində olan problemlərə həsr edib. O, bir çox sahədə islahatlara ehtiyac olduğunu bildirib: “Hökuməti parlament seçkilərində qalib gələn partiya qurmalı, ölkədə ciddi siyasi islahatlar aparılmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün isə ilk növbədə Ermənistan ordusundan on dəfə güclü ordu formalaşdırılmalıdır. Hərbi xərclər büdcənin 25 faizinə çatdırılmalıdır. Orduya dövlət və ictimai nəzarət gücləndirilməli, Neft Fonduna toplanan vəsaitlərin 80 faizi müdafiə sənayesinin inkişafına və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldilməlidir. Bununla yanaşı, peşəkar ordu quruculuğu prosesinin tez bir zamanda həyata keçirilməlidir”. Q. Həsənquliyev prezident seçiləcəyi təqdirdə bölgələrdəki işsizlik probleminin həlli üçün zəruri addımların atılacağını söyləyib. O, rayonlarda məmur özbaşınalıqlarına da toxunub.
Qeyd edək ki, mitinqə “Yoxsulluqla Mübarizəyə Çağırış” QHT alyansının üzvləri də qoşulub. Aksiya saat 18:00-da insidentsiz başa çatıb. /APA/