
Azərbaycanın müxalifyönlü Böyük Quruluş Partiyası (BQP) prezident seçkisinin nəticələri saxtalaşdırılarsa, bununla bağlı partiya rəhbərliyinin birgə qərarını açıqlayacaq.
TrendNews xəbər verir ki, BQP - nin başqanı, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu təşviqat kampaniyasının nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında nəticələr saxtalaşdırılmazsa, seçicilərdən lazımi dəstək alacağını bildirib.
Qəzənfəroğlu, seçkinin nəticələri saxtalaşdırılsa belə, buna etiraz olaraq kütləvi aksiyalar keçirməyəcəklərini deyib.
«Biz istəsək də, etiraz aksiyaları keçirmək imkanımız yoxdur. Biz hakimiyyətlə fiziki yox, intellektual mübarizə aparırıq», - BQP başqanı vurğulayıb.
Prezidentliyə namizəd seçkidən sonra partiyasının fəaliyyətində ciddi dəyişiklik olacağını da istisna etməyib: «Böyük Quruluş Partiyasını seçkidən sonrakı bir il ərzində üç ən ciddi siyasi təşkilata çevirəcəyik. 2009 - cu il bələdiyyə və 2010 - cu il parlament seçkilərində bütün cəmiyyət bizim gücümüzün şahidi olacaq», - Qəzənfəroğlu deyib.
Onun fikirincə, hakimiyyəti dəyişəcək müxalifəti cəmiyyət seçməlidir: «Biz buna iddialıyıq. Ola bilsin ki, biz bu seçkidə iqtidarı dəiyşə bilmədik. Amma cəmiyyətdə belə bir sosial sifariş var və Böyük Quruluş Partiyası buna yaxın zamanlarda nail olacaq», - Qəzənfəroğlu bildirib. /Trend/