
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkisi ilə bağlı keçirdiyi ekspress rəy sorğusunun nəticələrini açıqlayıb. Mərkəzdən APA-ya verilən məlumata görə, ölkədə seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə oktyabrın 2-dən 6-dək keçirilən rəy sorğusunda bütün dairələri əhatə etmək şərtilə 12.500 respondent iştirak edib. Respondentlərin 86 faizi səsvermədə iştirak edəcəyini bildirib. “Səsvermədə iştirak edəcəyimi hələ dəqiqləşdirməmişəm” deyənlər 7,5 faiz təşkil edib. Səsvermədə iştirak etməyəcəklərini bildirənlərin sayı ümumi göstəricinin 6,3 faizi, öz seçimini gizli saxlamağa üstünlük verənlərin miqdarı isə 0,2 faiz olub. Rəyi soruşulanların 82,50 faizi indiki dövlət başçısı İlham Əliyevə səs verəcəklərini bəyan ediblər. Namizədliyini fərdi şəkildə irəli sürən Qulamhüseyn Əlibəyli 5,21 faiz səslə ikinci yeri tutub. Üçüncü yeri 4,28 faizlə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev qazanıb. Sonrakı yerlərdə 3,96 faizlə Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafayev (Qəzənfəroğlu), 3,15 faizlə Ümid Partiyasının namizədi İqbal Ağazadə, 0,54 faizlə Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev və 0,36 faizlə Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev qərarlaşıblar. /APA/