
Azərbaycan parlamenti ölkənin seçki komissiyalarında boş qalan yerlərin qanunverici orqanda azlıq təşkil edən müxalifət partiyalarına verilməsi məsələsinə baxmayacaq.
«Parlamentdə azlıq təşkil edən müxalifət partiyaları bu məsələ ilə bağlı öz aralarında razılığa gəlməlidirlər», cümə günü Trend News-a parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Parlamentdə dörd deputatla təmsil olunan sağ-mərkəzçi Müsavat Partiyası seçki komissiyalarında ona ayrılan yerlərə öz nümayəndələrini göndərməkdən imtina edib. Parlamentdə azlıq təşkil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Həmrəyliyi partiyaları seçki komissiyalarında boş qalan yerlərin onlara verilməsini təklif edirlər. Partiyalar məsələnin parlamentdə müzakirəyə çıxarılmasını istəyirlər.
Əsgərov qeyd edib ki, parlament bu məsələyə müdaxilə etməyəcək. Onun fikrincə, parlamentdə azlıq təşkil edən partiyalar komissiyalara nümayəndə göndərmək məsələsində razılığa gələ bilmirlər.
«Hər bir partiya komissiyalara öz nümayəndəsini göndərmək istəyir. Ona görə də belə bir vəziyyət yaranıb. Komissiyalarda bir necə yerin boş qalması ciddi problem deyil və prezident seçkisinə mane ola bilməz», - birinci vitse-spiker əlavə edib. /Trend/