 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının üzvləri 2008–ci il prezident seçkiləri ilə əlaqədar beynəlxalq təşkilatlarla görüşlərinin davam etdirir. Bu gün AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı İFES-in Bakı ofisində ölkə üzrə direktoru Dən Blessinqton və layihə koordinatoru Şəhla Mahmudova ilə görüşüb. M. Zülfüqarlı AVCİYA–nın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində fəaliyyəti və Seçki Qərargahının gördüyü işlər barədə ətraflı məlumat vermişdir. O, həmçinin keçən ilin dekabr ayında İFES-in Voşinqtondakı baş ofisində təşkilatın vitse prezidenti James Vermillion, Avropa və Asiya proqramlarının meneceri Entoni K. Boyer və həmin proqramların koordinatoru İrina Zaslavskaya ilə görüşləri barədə də məlumat verərək, iki təşkilat arasında əməkdaşlığın perspektivləri barədə AVCİYA – nın mövqeyini açıqlamışdır. Bundan başqa o, AVCİYA Seçki Qərərgahının 2008 – ci il prezident seçkiləri ilə əlaqədar seçki maarifçiliyi, seçkilərin monitorinqi sahəsində görəcəyi işlər, qərargah üzvlərinin hazırladığı kitablar, beynəlxalq konfrans, Seçki Məcəlləsinə təklif olunan dəyişiklər barədə də ətraflı məlumat vermişdir. İFES-in Azərbaycan üzrə direktoru Dən Blessinqton prezident seçkiləri ilə bağlı planlaşdırdıqları işlər, konkret olaraq Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı hazırladıqları yeni sənəd və seçki şikayətləri ilə bağlı bu yaxınlarda nəşr olunacaq kitab barədə məlumat verdi. Bundan başqa o, AVCİYA ilə əməkdaşlığı ilə bağlı Vaşinqtondakı baş ofisin də müsbət rəydə olduğunu bildirdi. D. Blessinqton prezident seçkiləri ilə əlaqədar seçki maarifçiliyi və broşuraların hazırlanması sahəsində AVCİYA Seçki Qərargahı ilə əməkdaşlığa hazır olduqlarını bildirdi. AVCİYA Seçki Qərargahının seçkilərlə bağlı planlaşdırdığı beynəlxalq konfransın keçirilməsi sahəsində əməkdaşlıq edilməsi üçün ilkin razılıq əldə olunmuşdur. Bundan başqa hər iki təşkilat arasında mütəmadi informasiya və nəşr olunacaq kitabların mübadiləsi barədə də razılıq əldə edilmişdir. Görüşdə AVCİYA Seçki Qərargahının beynəlxalq məsələlər üzrə hüquqşünasları İradə Tağıyeva və Samirə Məmmədova da iştirak etmişdir.
|