
Azərbaycanda prezident seçkilərini boykot edən Müxalifətin Əməkdaşlıq Mərkəzinin oktyabrın 11-də Müsavat Partiyasının qərargahında keçiriləcək forumuna digər müxalif partiyalar da dəvət oluna bilər. Bu barədə Trend News-a çərşənbə günü Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
Bəyanatı imzalamış siyasi təşkilatların oktyabrın 4-də Rəşid Behbudov adına Mahnı Teatrı və Dənizçilərin Mədəniyyət Evində nəzərdə tutduqları forum, həmin qurumların rəhbərlərinin razılıq verməməsi səbəbindən baş tutmamışdı.
Forumun Müsavatda keçirilməsi qərarı Müxalifətin Əməkdaşlıq Mərkəzinin işçi qrupunun oktyabrın 6-dakı toplantısında verilib. Forumda hakimiyyətin beş illik fəaliyyəti təhlil olunacaq, prezident seçkiləri ərəfəsi ölkədə yaranmış ictimai-siyasi proseslər müzakirə ediləcək.
Müsavat funksionerinin sözlərinə görə, foruma sentyabrın əvvəlində boykotla bağlı bəyanatı imzalamayan siyasi təşkilatların, hüquqşünasların və digər seçki mütəxəssislərinin dəvət olunması oktyabrın 9-da dəqiqləşdiriləcək: «Müxalifətin Əməkdaşlıq Mərkəzinin forumu daha çox adamın iştirak edə biləcəyi yerdə keçirmək niyyəti baş tutmadı. Müsavatın qərargahında isə yalnız 100-120 nəfərin iştirakı ilə tədbir keçirmək mümkündür. Ona görə dəvət məsələsində ciddi seçim etmək məcburiyyətindəyik», - Hacılı bildirib.
Müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend News-a deyib ki, foruma dəvət alarsa, iştirak etmələri istisna deyil: «Dəvət edərlərsə, partiyamızın nümayəndəsinin iştirak edib, təkliflərimizi səsləndirməsi də gözləniləndir», - Cəlaloğlu əlavə edib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə forumda iştirak edib-etməmək məsələsinə müraciətdən sonra cavab verəcəklərini deyib. /Trend/