
Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının (BQP) prezidentliyə namizədi Fazil Qəzənfəroğlu ölkənin xarici siyasətində dəyişiklik etməyəcəyini bildirib.
«İndiki xarici siyasət kursunda ciddi dəyişikliklər planlaşdırmıram və qonşu dövlətlərlə münasibətlərin daha da yaxşılaşdırılmasının tərəfdarıyam», Trend News-un məlumatına görə, bu gün MDB Müşahidə Missiyasının rəhbərinin müavini Oleq Kuleba ilə görüşündə prezidentliyə namizəd Qəzənfəroğlu bildirib.
Bununla belə, BQP başqanı prezident seçiləcəyi təqdirdə əsas hədəfinin Azərbaycanın Avropa Birliyinə üzv olacağını qeyd edib.
«Ölkənin Avropa Birliyinə üzv olması Azərbaycanın xarici siyasət kursunun Qərbə yox, Qərb dəyərlərinə yönəlməsi kimi qəbul edilməlidir», - prezidentliyə namizəd görüşdə qeyd edib.
Prezidentliyə namizəd missiya rəhbərinin müavininə əhalinin orta təbəqəsinin, ziyalıların, hərbçilərin və keçmiş hərəkatçıların dəstəyinə ümid etdiyini və səsvermənin nəticələri saxtalaşdırılmasa, kifayət qədər səs toplayacağına əmin olduğunu bildirib. /Trend/