
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT-in seçkiləri müşahidə missiyasının hüquq üzrə təhlilçisi Fransin Berini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova seçki hüququnun digər insan hüquqları sırasında mühüm yer tutduğunu, seçkilərin xalqın iradəsinin ən yüksək ifadəsi olduğunu söyləyib. Ombudsman ölkənin ayrı-ayrı bölgələrində əhalinin müxtəlif təbəqələri üçün keçirilən tədbirlər zamanı onlara seçki hüququnun izah edildiyini, bu mövzuda geniş iş aparıldığını vurğulayıb. Ombudsman əhali ilə görüşlər zamanı vətəndaşların seçkilərdə fəal iştiraka dəvət edildiyini qonağın nəzərinə çatdırıb. E. Süleymanova seçki günü təsisatın əməkdaşları ilə birlikdə ayrı-ayrı səsvermə məntəqələrində olacağını, seçki prosesini izləyəcəyini deyib. Görüşdə müvəkkil və onun Aparatının 25 əməkdaşının müşahidəçi qismində regionlarda seçkilərə qatılacağı barədə qonağa məlumat verilib. F. Beri seçkilərin obyektiv və şəffaf keçirilməsinin zəruriliyini qeyd edib. /APA/