
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin “İlhamla irəli” çağırışı altında seçki kampaniyası çərçivəsində bu gün bir sıra rayonlarda təbliğat mitinq-görüşləri keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Namizədin vəkilləri Qəbələ, Şəki, Zaqatala, Astara, Şəmkir, Dəvəçi, Xaçmaz, Hacıqabul, Ağcabədi, Mingəçevir, Tərtər, Ağsu, Balakən, Qazax, Siyəzən rayonlarının şəhər mərkəzlərində və bir sıra yaşayış məntəqələrində, Bakının Nərimanov, Yasamal, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Nəsimi, Nizami rayonlarında seçicilərlə görüş keçiriblər. Görüşlərdə İlham Əliyevin vəkillərindən MM-in deputatları, YAP İdarə Heyətinin üzvləri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, BDU-nun professoru Musa Qasımov, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Kamal Abdullayev, Olimpiya çempionu Elnur Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Yurddaş” partiyasının sədri Mais Səfərli, Milli Vəhdət Partiyasının sədri Yunis Əliyev və digərləri iştirak edib. Mitinq-görüşlərdə namizədin həyat və fəaliyyəti, seçki platforması ilə bağlı seçicilərə məlumat verilib. /APA/