
Azərbaycan prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri başlayıb.
APA-nın cənub bürosunun məlumatına görə, dövlət başçısı ilk olaraq Biləsuvar rayonuna səfər edib. Prezident xanımı Mehriban Əliyeva ilə birgə xüsusi istedadlı uşaqlar üçün tikilmiş peşə liseyinin açılışına qatılıb.
Sonra dövlət başçısı “Biləsuvaraqro” MMC tərəfindən tikilən, smeta dəyəri 7 milyon avro olan Süd Zavodunun açılışında iştirak edib. Xanımı ilə birgə Heydər Əliyevin abidəsini ziyarət edən prezident Heydər Əliyev Muzeyi ilə tanış olub, bunun ardınca isə Biləsuvarda inşa edilmiş Olimpiya İdman Kompleksinin açılışına qatılıb.
Bununla da, ölkə başçısının Biləsuvara səfəri başa çatıb.
Azərbaycan prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Masalı rayonunda da olub. APA-nın cənub bürosunun məlumatına görə, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə rayon mərkəzindəki Heydər Əliyev parkında Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyinin açılışına qatılıb.
Daha sonra dövlət başçısı akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı filialının açılışında iştirak edib. Əsaslı bərpa edilən “Dəfinə” liseyinin açılışına da qatılan prezidentin Masallıya səfəri bununla da başa çatıb. /APA/