
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) prezident seçkiləri günü polisin fəaliyyəti ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.
“Tədbirlər planı təsdiqlənərək icra olunmaq üçün şəhər və rayon polis idarələrinə göndərilib”, - çərşənbə axşamı Trend News-a DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib.
Gözəlovun sözlərinə görə, tədbirlər planında seçki günü polisin üzərinə düşən vəzifələr, polisin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hərəkət etmək, ictimai asayişin qorunması və s. vəzifələri müəyyən edilib.
DİN-in Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev isə çərşənbə axşamı Trend News-a bildirib ki, mühafizə xidməti adi günlərdə də gücləndirilmiş rejimdə işləyir. Onun sözlərinə görə, seçki günü mühafizənin gücləndirilməsi ilə bağlı Mühafizə İdarəsinə xüsusi tapşırıq verilməyib.
Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlqələr şöbəsinin rəhbəri Qalib Arif səsvermə günü paytaxt polisinin qanun çərçivəsində fəaliyyətini davam etdirəcəyini deyib. /Trend/