
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin müşahidəsini aparmaq üçün 924 beynəlxalq müşahidəçini qeydə alıb.
MSK-nın Beynəlxalq əlaqəlar şöbəsinin rəhbəri Rövzət Qasımovun çərşənbə axşamı Trend News-a bildirdiyinə görə, qeydə alınmış müşahidəçilər 18 beynəlxalq təşkilatı, 48 xarici ölkəni təmsil edir. «Ən böyük missiya Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb», - deyə o qeyd edib.
Qasımovun sözlərinə görə, prezident seçkisinin müşahidəsi ilə bağlı MSK-ya sənədlərin təqdim olunması başa çatıb. «Təqdim olunmuş sənədlərlə bağlı araşdırmalar aparılır və beynəlxalq müşahidəçilərin sayının artacağı gözlənilir», - deyə o əlavə edib.
Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə 5 gün qalmış başa çatır. /Trend/