
Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhərində bu gündən seçki bildirişləri paylanılmağa başlanılıb. Bu barədə çərşənbə axşamı Trend News-a Gəncədə fəaliyyət göstərən Dairə Seçki Komissiyalarından (DSK) məlumat veriblər.
Məlmumata görə, hazırda seçicilərin təxminən 20 faizi bildirişlərlə təmin olunub. Üç gün müddətinə isə bildirişlərin paylanılması prosesinin sona çatdırılması nəzərdə tutulur. Dairələrdən verilən məlumata görə, Gəncədə seçici siyahılarında 140 995 nəfər yer alıb. Oktyabrın 7-nə olan məlumata görə, seçicilərdən 1050 nəfərinə qeydiyyatdan çıxma vəsiqəsi verilib.
Bundan başqa, Gəncədə 1067 nəfər müşahidəsi qeydiyyata alınıb ki, onlardan da 546 nəfəri siyasi partiyaların tərkibində, 137 nəfəri öz təşəbbüsü ilə müşahidə aparacaq, 384-ü isə qeyri-hökumət təşkilatlarının nümayəndələridir.
Gəncədə dörd (37, 38, 39, 40 saylı) Dairə Seçki Komissiyası, 104 seçki məntəqəsi var. /Trend/