
ATƏT-in Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının üzvləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Saatlı rayonundakı ofisində olublar. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT-in müşahidə missiyasının üzvləri AVCİYA-nın Saatlıdakı ofisində qurumun regional nümayəndəliyinin seçkilərlə bağlı fəaliyyəti ilə maraqlanıblar. Görüşdə ATƏT-in müşahidəçilərinin diqqətinə çatdırılıb ki, AVCİYA “ELS” təşkilatı ilə birlikdə 800 məntəqədə “exit-poll”, “quick-count” (səslərin paralel sayılması) tədqiqatları aparacaq. Qonaqlar AVCİYA–nın seçkilərlə bağlı nəşrləri ilə də tanış olublar. AVCİYA-dan verilən digər məlumatda isə bildirib ki, qurum Bakı, Abşeron və Sumqayıtda seçki günü müşahidə fəaliyyəti ilə məşğul olanlar üçün treninqlərə başlayıb. AVCİYA-nın Seçki Qərargahı prezident seçkiləri ərəfəsi ölkənin 12 regional mərkəzində müşahidəçilərə treninqlər keçib. Treninqlərdə müşahidəçilərə seçki zamanı fəaliyyətlərini istiqamətləndirmək bacarığı aşılanıb. /APA/