
Bəzi dairə seçki komissiyalarında hələ də bəzi prezidentliyə namizədlər haqqında heç bir təbliğat materialı asılmayıb. Bu barədə APA-ya “Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyasının (AŞƏS) mətbuat xidmətindən bildiriblər. AŞƏS nümayəndələri ötən müddət ərzində 37 saylı Nizami birinci (Gəncə), 40 saylı Kəpəz ikinci (Gəncə), 46 saylı Şirvan, 47 saylı Mingəçevir, 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir, 76 saylı Lənkəran-Astara, 86 saylı İsmayıllı, 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş seçki dairələrində monitorinq aparıblar. 47 saylı Mingəçevir, 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir seçki dairələrində təbliğat-təşviqat üçün ayrılmış xüsusi lövhələrdə yalnız prezidentliyə iki namizədin - İlham Əliyev və İqbal Ağazadənin şəkilləri yerləşdirilib. Digər seçki dairələrində də analoji problemlər üzə çıxıb. Koalisiya aşağı seçki dairələrində apardığı monitorinq nəticəsində bir sıra qüsurlarla bərabər qanunauyğun tədbirlərin görülməsini də müşahidə edib. Belə ki, bütün seçki dairələrində seçici siyahıları tərtib olunaraq asılıb, dəqiqləşdirmə hələ də davam etdirilir. /APA