
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçki kampaniyası çərçivəsində oktyabrın 6-da ölkənin bir sıra şəhər, rayon və kəndlərində seçicilərlə görüşlər keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün İ. Əliyevin vəkilləri, elm, mədəniyyət və ictimai xadimlərindən təşkil olunmuş təbliğat-təşviqat qrupunun üzvləri Biləsuvar, Qəbələ, Siyəzən, Ucar, Ağcabədi, Ağsu, Ağstafa, Qax, Xızı, Yasamal, Binəqədi, Nərimanov, Suraxanı, Qaradağ, Abşeron rayonlarında və Sumqayıt şəhərində mitinq-görüşlər keçiriblər. Mitinq-görüşlərdə İ. Əliyevin səlahiyyətli nümayəndəsi, YAP sədrinin müavini Əli Əhmədov, prezidentliyə namizədin vəkilləri - deputatlar Fəttah Heydərov, Mixail Zabelin, Mirkazım Kazımov, İmamverdi İsmayılov, Əhəd Abıyev, Rəbiyyət Aslanova, Ağacan Abıyev və digər şəxslər iştirak ediblər. /APA/