
Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün bir neçə müxalifət partiyasının liderləri ilə görüş keçirib. BQp mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə prezidentliyə namizəd Fazil Qəzənfəroğlu, AXCP sədri Əli Kərimli, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə iştirak ediblər. Seçki kampaniyasının gedişi ilə bağlı qonağa məlumat verən Fazil Qəzənfəroğlu bir neçə rayonda seçicilərlə görüş keçirdiyini bildirib. O, təbliğat kampaniyasını “qapı-qapı” deyil, “beyin-beyin” prinsipi ilə apardığını qeyd edib. Prezidentliyə namizəd ölkədə demokratikləşmə problemlərinə də toxunub, bu seçkilərin Azərbaycanda demokratikləşmə prosesinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb.
Daha sonra jurnalistlərə açıqlamasında Piter Semnebi bildirib ki, “Seçkilər ölkənin demokratiyaya doğru konsolidasiyası üçün vacib addımdır”.
O, Azərbaycandakı seçkiqabağı durumun həddən artıq sakit olduğunu bildirib. Gürcüstandakı vəziyyətə toxunan P. Semnebi bunun Dağlıq Qarabağ münaqişəsinə də təsir göstərdiyini söyləyib: “Bu cür durum özündə potensial təhlükə ehtiva edir”. Türkiyənin bölgədə oynadığı roldan danışan AB təmsilçisinin fikrincə, bu ölkə Cənubi Qafqazdakı münaqişələrin həllində iştirak edə bilər: “Əvvəllər biz Türkiyənin hansı rol oynaya biləcəyini dərk etmirdik. Bunu indilərdə dərk etmişik”. /APA/