
Müstəqil Dövlətlər Birliyinin (MDB) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləyəcək missiyası 389 nəfərdən ibarət olacaq.
APA-nın məlumatına görə, bu barədə missiyanın qərargah rəhbəri Yevgeni Sloboda bu gün missiyanın hazırladığı aralıq hesabatını təqdim edərkən deyib. O bildirib ki, müşahidəçilər MDB-yə daxil olan ölkələrin parlamentlərinin üzvləri, Mərkəzi Seçki komissiyalarının nümayəndələri, diplomatik korpusun, MDB İcraiyyə Komitəsi və MDB Parlamentlərarası Assambleyasının üzvüdürlər.
Müşahidəçilərdən 23-nün uzunmüddətli olduğunu deyən Y. Slobodanın sözlərinə görə, Naxçıvan, Gəncə, Xaçmaz və Lənkəranda qərargahın nümayəndəlikləri açılacaq. Müşahidəçilərin sayının yetərincə olduğunu söyləyən Y. Sloboda bildirib ki, bütün regionlarda müşahidə aparılacaq, müşahidəçilər seçki gününə 2-3 gün qalmış yerlərə gedəcəklər: “Bizim müşahidəçilər seçkilər başlayandan bitənədək seçki məntəqələrində olacaq, səslərin hesablanması prosesində iştirak edəcəklər”. Qərargah rəhbəri MDB müşahidə missiyasının rəhbəri, MDB icra katibi Sergey Lebedevin Azərbaycana seçkiyə bir neçə gün qalmış gələcəyini, bir neçə regiona səfər edəcəyini, seçki günü ATƏT-in müşahidə missiyasının rəhbəri Boris Fırleslə görüşəcəyini, Bakıda bir neçə seçki məntəqəsində seçkiləri izləyəcəyini vurğulayıb.
Sonra Y. Sloboda hazırladıqları aralıq hesabatı açıqlayıb. Hesabatda bildirilir ki, ölkədə seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün şərait yaradılıb, seçki kampaniyası sakit keçir, dairə və məntəqə seçki komissiyalarında ciddi qanun pozuntuları qeydə alınmayıb, təbliğat kampaniyası aparmaq üçün namizədlərə bərabər şərait yaradılıb. /APA/