
Prezidentliyə bitərəf namizəd Qulamhüseyn Əlibəyli Gəncədə seçicilərlə görüş keçirib. Namizədin seçki qərargahından APA-ya daxil olan məlumata görə, görüşdə namizədin vəkili Etibar Allahverdiyev Q. Əlibəylinin həyat və fəaliyyəti, Milli Azadlıq Hərəkatında iştirakı, millət vəkili kimi fəaliyyəti barədə seçicilərə geniş məlumat verib.
Q. Əlibəyli isə çıxışında öz seçki platforması barədə məlumat verib, əhalinin sosial vəziyyəti, insan haqları, demokratik problemlər, hüquq bərabərliyi və digər sahələrdə olan problemlərdən danışıb, bu vəziyyətdən çıxış yollarına toxunub. Q. Əlibəyli hər zaman siyasi qüvvələrin seçkilərdə iştirakına tərəfdar olduğunu, məhz buna görə seçkilərə qatılmaq qərarı verdiyini bildirib. O, seçkidən başqa hakimiyyət məsələsini həll edə biləcək vasitənin olmadığını vurğulayıb: “Keçdiyim yol Azərbaycan dövlətinin idarə olunmasında iştirakıma imkan verir. Ona görə də, bu hüquqdan istifadə etməyə çalışıram. Məqsədimə nə dərəcədə nail olacağım isə mənə səs vermək istəyən seçicilərdən və təbii ki, hakimiyyətin seçkini necə yekunlaşdırmaq istəyindən asılıdır”.
Q. Əlibəylinin sözlərinə görə, bu gün Azərbaycanın problemləri çox olsa da, başlıca problem Qarabağ məsələsidir. O, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində güzəştli mövqe tutduğunu bildirib və ümumilikdə Minsk Qrupundan imtina edilməsinin vacib olduğunu qeyd edib.
Prezidentliyə namizəd bildirib ki, Azərbaycanda sosial problemlər kifayət qədərdir, əhali çətin vəziyyətdə yaşayır. O, həkimlərin, müəllimlərin əməkhaqlarının artırılmasının vacib olduğunu bildirib. Bundan əlavə Q. Əlibəyli Azərbaycanda idarəetmə mexanizminin düzgün təşkil olunmadığını qeyd edib: “Prezident seçilsəm, ilk addım kimi prezidentin səlahiyyətlərini referendum yolu ilə xeyli məhdudlaşdırmağa çalışacağam”. /APA/