
Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Moskvada aksiya keçirib.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend News-a verilən məlumata görə, konqresin prezidenti Məmməd Əliyev aksiyada seçkilərdə Azərbaycan diasporunun fəal iştirakı üçün gördüyü işlərdən danışıb.
«Konqresin regional təşkilatlarının liderləri prezident seçkilərində fəal iştirak etməyə hazır olduqlarını bildiriblər», - Əliyev deyib.
Tədbirdə seçkilərdə iştiraka dair müraciət qəbul olunub. Müraciətdə prezident İlham Əliyevin 5 il ərzində Azərbaycan dövlətinin hərtərəfli inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsinə verdiyi töhfələr, Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması, onların problemlərinin həlli, Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanması, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyması məqsədilə gördüyü işlərdən bəhs olunur.
Sənəddə qeyd edilir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Rəyasət Heyəti Rusiyadakı 2 milyonluq Azərbaycan diasporunun İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bildirir və bu ölkənin ərazisində yaşayan, işləyən, təhsil alan bütün Azərbaycan vətəndaşlarını seçkilərdə fəal iştirak etməyə çağırır. /Trend/