
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşahidə aparmaq məqsədi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət üçün müəyyən edilmiş müddət başa çatıb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, MSK-nın qəbul etdiyi Təqvim Planına görə, müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün qalana kimi davam edir. MSK-da qeydiyyatdan keçən şəxslər ölkə ərazisində istənilən seçki dairəsində və seçki məntəqəsində müşahidə aparmaq hüququna malikdirlər. A. Sarıyev bildirib ki, MSK-ya müraciət edən yerli və xarici müşahidəçilərin hamısının müraciətinə baxılmadığından yekun nəticə hələlik bəlli deyil. Sonuncu hesablamaya görə mindən çox şəxs MSK-da qeydiyyatdan keçib.
A. Sarıyev Dairə Seçki Komissiyalarında müşahidəçilərin qeydə alınmasının səsverməyə 5 gün qalana kimi davam edəcəyini bildirib. /APA/