 Azərbaycanın müxalif Milli Demokrat Partiyası (AMDP) prezident seçkisi ilə bağlı mövqeyini müəyyənləşdirib. «Partiya prezident seçkisini boykot etmiş müxalifət partiyalarına qoşulmur. Partiyanın üzvlərinə sərbəst olaraq dəstəklədikləri namizədə səs vermək azadlığı verilib», - deyə çərşənbə günü Trend News-a AMDP sədri Tufan Kərimli bildirib. Kərimli əlavə edib ki, partiya həmçinin prezident seçkisini müşahidə etmək niyyətindədir. Azərbaycan Milli Demokrat Partiyasının dövlət qeydiyyatı olmadığından, öz namizədi ilə seçkiyə qatıla bilməyib. AMDP - nin dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayəti İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən icraata götürülüb. AMDP sədri partiyanın qeydiyyat məsələsi ilə əlaqədar bildirib ki, avqustda keçirilmiş qurultaydan sonra sənədlər qeydiyyat üçün təkrar olaraq Ədliyyə Nazirliyinə təqdim olunub. «Nazirlikdən bildirilib ki, sənədlər baxış mərhələsindədir və yaxın günlərdə cavab veriləcək», - deyə Kərimli əlavə edib. /Trend/
|