
“Bəzi prezidentliyə namizədlər canlı efirdə Seçki Məcəlləsinin 88-ci maddəsinə zidd olan təhqirlər səsləndirir. Müdaxilə səlahiyyəti olmasa da, verilişin aparıcısı dəfələrlə belə hallara yol verilməməsi haqda həmin namizədlərə xəbərdarlıq edib”. Bu açıqlamanı APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov verib. Baş direktor bu halın aradan qaldırılacağına inandığını bildirib. İ. Ömərov deyib ki, qanuna əsasən efirdə səslənən fikirlərə görə İTV məsuliyyət daşımır.
Namizədlərin iştirakı ilə təşkil olunan debatların efir vaxtı ilə bağlı səslənən narazılıqlara gəlincə, İ. Ömərov bu vaxtın namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr nəticəsində MSK-nın müəyyənləşdirdiyini deyib: “Biz istənilən efir vaxtını ayırmağa hazır olduğumuzu bildirmişik. Sadəcə özlərinin iştirakı ilə MSK bu qərarı qəbul etdi. Bu kollegial qərarı daha heç kəs poza bilməz. Yeri gəlmişkən 18.50-dən 19.50-dək olan vaxt İctimai televiziyada diskusiya saatı kimi auditoriyaya çoxdan bəllidir”.
Seçkini boykot edən qüvvələrə efir vaxtının verilməsinə gəlincə, baş direktor deyib ki, “biz onların bütün tədbirlərini həmişə olduğu kimi dolğun şəkildə işıqlandırmağa hazırıq. Amma boykot üçün xüsusi efir vaxtının ayrılması 7 nəfər prezidentliyə namizədin hüququn və qanunvericiliyin pozulması demək olardı”./APA/