
Azərbaycan müxalifətini təmsil edən sol təmayüllü Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov partiyanın həmsədrliyindən uzaqlaşdırılacağı ilə bağlı söhbətləri əsassız hesab edir.
«Partiyanın həmsədrliyində qalıb-qalmayacağım mənim şəxsi işimdir», - Mütəllibov cümə axşamı Moskvadan telefonla Trend News-a bildirib.
Mütəllibov qiyabi şəkildə uzaqdan-uzağa telefon vasitəsilə partiyaya rəhbərlik etməyin mümkün olmadığını bildirib.
«Son beş ildir ki, partiyaya liderlik etsəm də, mənim vətənə qayıtmaq məsələm həllini tapmayıb. Bakıda olub partiyanı idarə etsəydim, partiya ilə bağlı söz-söhbətlər də olmazdı», - deyə o əlavə edib.
ASDP həmsədri partiyanın növbəti qurultayında qeyri-adi heç bir şey baş verməyəcəyinə əminliyini vurğulayıb.
«Partiyanın sosial-demokratik əqidəsini və ideyasını qəbul edən bütün üzvləri mənim tərəfdarlarımdır. Partiyada ikitirəlik yoxdur», - deyə o bildirib.
Mütəllibov partiyanın daxilində müəyyən proseslərin baş verməsini təbii hal adlandırıb. «Digər müxalifət partiyalarında olduğu kimi bizim də müəyyən çətinliklərimiz var. Bunu heç vaxt gizlətməmişik. Biz demokratik bir partiyayıq», - deyə o bildirib.
O, təəssüflə bildirib ki, növbəti dəfə də qurultayın işinə telefon vasitəsilə qatılacaq. /Trend/