
Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasının seçkiyə namizədi ilə getməməsinin və boykota üstünlük verməsinin səbəbini açıqlayıb.
«Müsavat Partiyası öz namizədini müəyyən edə bilmədiyindən seçkidə iştirak etməyib», cümə axşamı Trend News-a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Novruzov deyib ki, Müsavat başqanı İsa Qəmbərlə yanaşı, partiya funksionerləri Arif Hacılı, Sülhəddin Əkbər və Rauf Arifoğlu da namizəd olmaq iddiasında idilər.
«Ona görə də əvvəlcə seçkidə iştiraka razılıq verən Müsavat Partiyası sonda seçkiyə qatılmadı», - YAP icra katibinin müavini əlavə edib.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə Trend News-a açıqlamasında hakim partiyanın icra katibi müavininin mövqeyini əsassız sayıb.
«Partiyanın hələ ötən il keçirilən Məslisində İsa Qəmbərin prezidentliyə namizədliyi yekdilliklə irəli sürüldü və qəbul edildi. Həmin iclasda digər funksionerlərə təklif edildi ki, öz namizədliyini irəli sürmək istəyənlər seçkiyə qatıla bilərlər. Hamı İsa Qəmbərin namizədliyi üzərində qaldı», - Hacılı əlavə edib. /Trend/