
Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən müxalifət təşkilatları sentyabrın 28 - də şəhərin mərkəzində yerləşən meydanlardan birinə təyin etdikləri etiraz aksiyasını təxirə salıblar. «Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, şəhərin kənarında etiraz aksiyası keçirməyəcəyik», - bu barədə cümə axşamı Trend News - a Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti cümə axşamı aksiyanın «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunda keçirilməsinə icazə verib.
Əliyev qeyd edib ki, aksiyaya icazə vermədiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəklər.
Partiya sədri hesab edir ki, icra hakimiyyətinin qərarı Azərbaycanın qanunlarına ziddir.
«İcazəsiz aksiyalarda, əsasən, müxalifət partiyalarının funksionerləri iştirak edirlər. Onların gücü ilə polis toqquşmasına gedilməsi mümkün deyil. Bizim də funksionerlərimizi öz əlimizlə həbsə atmaq fikrimiz yoxdur. Hakimiyyət seçkini boykot edən qüvvələrə qarşı aqressiv davranır. Hesab edirik ki, icazəsiz aksiya keçirilsə, daha çox partiya üzvü sıradan çıxar və təhlükələrlə üz-üzə qalar», - deyə partiya sədri əlavə edib.
Onun sözlərinə görə, yaxın günlərdə Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan partiya və təşkilat sədrləri müzakirələr aparıb, növbəti addımlarla bağlı son qərar verəcəklər. /Trend/