
Azərbaycanda 15 oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərə İctimai Televiziya və Radioda ödənişli efir vaxtının ayrılması ilə bağlı onların nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRŞ) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, şirkətdə yaradılan püşkatma komissiyasının sədri, İTRYŞ-nin baş direktorunun müavini Çingiz Aslanov bildirib ki, qanunvericiliyə uyğun olaraq namizədlərə televiziyada və radioda 6 saat ödənişli efir vaxtı ayrılıb və təşviqat prosesi başlayandan ötən bir həftə ərzində ödənişli efir vaxtının ayrılması üçün 5 qeydə alınmış namizəd tərəfindən şirkətə müraciət olunub. Komissiya sədri qeyd edib ki, efir vaxtı həm televiziyada, həm də radioda saat 09:51-dən 22:51-dək müəyyən edilib və vaxt bölgüsündə bərabər imkan yaradılıb. Püşkatmanın nəticəsinə əsasən ödənişli efir vaxtından Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev birinci, YAP-dan prezidentliyə namizəd İlham Əliyev ikinci, Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadə üçüncü, BAXCP-dən prezidentliyə namizəd Qüdrət Həsənquliyev dördüncü, BQP-dən prezidentliyə namizəd Fazil Qəzənfəroğu beşinci istifadə edəcək.
Məlumata görə, həftənin cüt günləri 18.51 və 19.51-də nəzərdə tutulan vaxtlar namizədlərin iştirakı ilə keçirilən dəyirmi masa ilə əlaqədar olaraq 18.42 və 19.54-lə əvəzlənəcək. Şirkətin baş direktorunun müavini bildirib ki, İTRYŞ-nin Direktorlar Şurası prezidentliyə namizədlər üçün püşkatmaya çıxarılan ödənişli efir vaxtının qiymətlərində dəyişiklik edib. Qeyd olunub ki, televiziyada bu imkandan istifadə edənlərə 30 faiz, radioda isə 50 faiz güzəşt ediləcək. /APA/