
Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləyəcək ATƏT-in uzunmüddətli Müşahidə Missiyasının üzvləri Azərbaycanın bölgələrinə ezam olunub, ümumilikdə 14 seçki qrupu yaradılıb. APA-nın məlumatına görə bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, ATƏT müşahidəçiləri Bakı, Abşeron (3), Sumqayıt, Quba, Şamaxı, Gəncə (2), Bərdə, İmişli, Şirvan, Lənkəran, Şəki və Naxçıvana ezam olunublar. Qruplar adıçəkilən şəhərlərdə yerləşməklə ətraf rayonlarda yerləşən seçki dairələrində seçki prosesini izləyəcəklər.
O, MSK-nın müşahidəçilərlə əməkdaşlıq edəcəyini bildirib. ATƏT-in müşahidəçilərinə müraciət edən M. Pənahov çatışmazlıqlarla bağlı MSK-ya dərhal müraciət edilməsini xahiş edib: “Biz bu problemləri dərhal aradan qaldıracağıq. Güman etmirəm ki, ortaya ciddi problemlər çıxsın və biz onları həll edə bilməyək. Seçki prosesinə problem yaradan, pozuntulara yol verən komissiya üzvləri tərəfimizdən cəzalandırılacaq”./APA/