
Azərbaycanda keçiriləcək prezident seçkisində iştirak etmək üçün namizədliyi «Yaşıl siyasət» seçki bloku tərəfindən irəli sürülən Mais Güləliyev topladığı imzaları cümə günü Mərkəzi Seçki Komissiyasına təhvil verib. «Biz 69 seçki dairəsindən 44 min 886 imza toplamışıq», -deyə cümə günü TrendNews-a Güləliyev bildirib.
Onun sözlərinə görə, nümayəndələrinin topladığı 1000 imza müxtəlif səbəblərə görə etibarsız hesab olunub və onlar hesablanmayıb.
«Samux rayonunda bizim nümayəndələrə imza verən şəxslərə təzyiq göstərilməsi istisna olmaqla, imza toplama kampaniyasında ciddi problemlə üzləşmədik», -deyə o əlavə edib.
Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası (MSK) on gün müddətində imzaları yoxlamalı və qərar qəbul etməlidir. /Trend/