
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmüş “Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədovun müraciətinə baxılıb. Onun namizədliyi təsdiq edildikdən sonra seçkilər zamanı mətbuatda təbliğat-təşviqat kampaniyasına nəzarət etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat Qrupu yaradılıb.
MSK katibi Natiq Məmmədov bildirib ki, qurumda MSK üzvləri Azər Tağıyev, Almas Qəhrəmanova, Fuad Cavadov, MSK-nın mətbuat xidməti, telekanallardan “AzTV”, ANS, “Space”, “Lider”, İTV, informasiya agentliklərindən “AzərTAc”, APA, “Olaylar”, “Turan”, qəzetlərdən “Yeni Müsavat”, “525-ci qəzet” və “Azərbaycan”ın təmsil olunması nəzərdə tutulub.
İclasda, həmçinin, bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib. /APA/