
Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara dəvət göndərmək prosesini başa çatdırıb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, beynəlxalq təşkilatların bir qismindən cavab məktubları gəlib. ATƏT, MDB, Avropa Şurası və digər qurumlar seçkiləri izləmək üçün müşahidə missiyası göndərəcək: “Artıq ATƏT-in uzunmüddətli müşahidə missiyası Bakıdadır və onlar fəaliyyətə başlayıblar. Çox güman ki, yaxın günlərdə digər beynəlxalq qurumlardan da ölkəmizə uzunmüddətli müşahidə missiyaları gələcək. Onların müşahidə aparması üçün Azərbaycan tərəfindən asılı olan bütün şərait yaradılacaq”. R. Qasımov Azərbaycan MSK-nın əməkdaşlıq etdiyi digər ölkələrin MSK-larını da seçkiyə dəvət edəcəyini bildirib: “Bir çox MSK-la şifahi danışıqlar aparılıb və razılıq əldə edilib. Yaxın günlərdə rəsmi dəvətlər göndəriləcək”. R. Qasımov hələlik MSK-da beynəlxalq müşahidəçilərdən heç kimin qeydiyyatdan keçmədiyini də bildirib. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün qalmış yekunlaşacaq. /APA/