
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Mərkəzi Komitəsinin (MK) plenumu sentyabrın 6-da keçiriləcək. ASDP MK-nin Siyasi Bürosunun üzvü Elşən Manafov APA-ya bildirib ki, plenum qurultaya hazırlıq məqsədi daşısa da, partiyadaxili məsələlər də müzakirə predmeti olacaq: “Partiyada tutduğum vəzifədən istefa verməyimlə bağlı ərizəni hələ təqdim etməsəm də, yəqin ki, bu məsələ müzakirə ediləcək. İstənilən halda qurultayın nümayəndəsiyəm və həmin toplantıda öz iradlarımı bildirəcəyəm”. O, partiyanın nizamnaməsindəki bəzi məqamlarda dəyişikliyin zəruriliyini də vurğulayıb: “Qurultayda seçilən bütün partiya funksionerlərinin statusu eyni olmalıdır. Necə olur ki, qurultayda seçilən siyasi büronun üzvü plenumda çıxarılır, amma sədrə bu məsələ şamil olunmur”. Onun sözlərinə görə, partiyanın bütün sferalarında islahatlara ehtiyac var: “Əgər ölkə prezidenti müddətli seçilirsə, partiya sədrlərinin fəaliyyətinə də bir limit müəyyənləşdirilməlidir”. E. Manafov deyib ki, partiyadaxili son proseslərlə bağlı ötən gün ASDP həmsədri Araz Əlizadə ilə də müzakirə aparıb: “Ona bildirdim ki, ASDP ölkədə sol mərkəzçi partiya kimi fəaliyyətini genişləndirmək və nüfuz qazanmaq istəyirsə, idarəçilikdə yeni düşüncə tərzinə ehtiyac var. Hesab edirəm ki, baş verənlər şəxsi münasibətlərimizə xələl gətirməyəcək”. /APA/