
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin keçmiş sədri, prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli imzatoplama kampaniyasını başa vurub. Bu barədə APA-ya Q. Əlibəyli özü məlumat verib. Onun sözlərinə görə, onun seçki qərargahının üzvləri Azərbaycanın ən müxtəlif bölgələrində imza toplama kampaniyası həyata keçiriblər və kampaniya bu gün başa çatıb: “Biz qarşıdakı 1-2 gündə imzalara baxış keçirəcəyik. Təxminən 45 min imza toplanıb. Amma sözsüz ki, özümüz araşdırmalar nəticəsində onların bəzilərini çıxdaş edəcəyik”. Q. Əlibəyli ən geci sentyabrın 5-də imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyini deyib. /APA/