
Azərbaycan Demokrat Partiyası (ADP) prezident seçkiləri ərəfəsində konstruktiv mövqe nümayiş etdirəcək. Partiya sədrinin müavini Həsrət Rüstəmov APA-ya açıqlamasında bildirib ki, ADP taktiki gedişlərini Məclisin qəbul etdiyi qərarlar üzərində müəyyənləşdirir: “Seçki ərəfəsində də konstruktiv mövqedə dayanacağıq. Siyasi dialoqla bağlı isə hakimiyyətə yenidən müraciət etmək fikrində deyilik. Biz bu barədə fikirlərimizi çatdırmışıq, rəsmi müraciət etmişik. O zaman bizim bu ideyaya qarşı çıxanlar da bu gün dialoq mədəniyyətindən danışırlar. Artıq əvvəlki aqressivlik yoxdur. Bu baxımdan bu siyasəti effektli sayırıq. Qafqazda baş verən son hadisələrin vəziyyəti mürəkkəbləşdirməsi yaxın gələcəkdə dialoqu aktual mövzuya çevrilə bilər”. ADP-nin prezident seçkilərinin nəticələrini tanıyacağı ilə bağlı fikirlərə gəldikdə, H. Rüstəmov bu fikirlərin əsassız olduğunu deyib: “Biz prosesdə iştirak etmirik və çox gülməli olar ki, seçki prosesində iştirak etməyərək məsələnin detalları ilə bəyanatla çıxış edək. Digər tərəfdən proses başa çatmayıb. Seçkilərin nəticəsinə də mövqe bildirəcəyik, amma bu tanıyıb-tanımamaq prizmasından olmayacaq. Sadəcə, seçkinin nə qədər qanunauyğun olması və xalqın seçkiyə münasibəti ilə bağlı siyasi bəyanat ola bilər. İndidən nəticələrə qiymət vermək olmaz. Bu qiymət indi verilsə, qeyri-obyektiv olar”./APA/