
Azərbaycanın seçki komissiyalarının formalaşdırılmasında iştirak etmək hüquqi olan müxalifətçi Müsavat Partiyası seçki komissiyalarına nümayəndə göndərməməklə bağlı mövqeyini dəyişməyəcək.
«Biz komissiyaların hakimiyyətlə müxalifət arasında paritet əsasda formalaşdırılmasını tələb edirik, beynəlxalq təşkilatlar da bu fikirdədir. Nə qədər ki, hakimiyyət bu dəyişikliyə razılıq vermir, Müsavat Partiyası komissiyalarda təmsil olunmayacaq», çərşənbə axşamı Trend News-a müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.
Seçki Məcəlləsinə görə, seçki komissiyalarının tərkibi deputatları parlamentdə çoxluq təşkil edən partiyanın (YAP), parlamentdə azlıq təşkil edən partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşır. Parlamentdə azlığı təşkil edən müxalif Müsavat Partiyası MSK-ya nümayəndə göndərmədiyindən, indiyə qədər DSK-ların formalaşması prosesi baş tutmayıb. Bu səbəbdən indiyə qədər MSK-ya nümayəndə göndərən azlıqda olan digər partiyaların DSK-ların formalaşmasında iştirakı da reallaşmamışdı.
İki illik fasilədən sonra Milli Məclisdə azlığı təşkil edən partiyalara DSK-lara nümayəndə göndərmək imkanı yaradılıb. Bundan sonra parlamentdə azlıqda olan müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyası DSK-lara 42 nümayəndə göndərib.
Qəmbər qeyd edib ki, dünyanın heç bir ölkəsində seçki komissiyaları bir siyasi təşkilatın - hakim partiyanın nəzarəti altında fəaliyyət göstərmir.
Partiya başqanı digər müxalifət partiyalarının seçki komissiyalarına nümayəndə göndərməsini şərh etməyib. «Digərləri orada nə edirlərsə özləri bilərlər», - Qəmbər əlavə edib. /Trend/