
Azərbaycanda keçiriləcək prezident seçkisini boykot edən bir qrup müxalifət partiyası yeni birliyin yaradılması haqda sənəd imzaladıqdan sonra əməkdaşlığın hansı formada davam etdirilməsini və istiqamətlərini müəyyənləşdirəcək.
«Sənədin imzalanmasından sonra müxalifətin əməkdaşlığı istiqamətində digər addımlar müzakirə olunacaq», çərşənbə axşamı Trend News-a müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.
Müxalifəti təmsil edən partiyaların əksəriyyəti seçkini boykot edir. «Azadlıq» blokunda təmsil olunan Xalq Cəbhəsi Partiyası müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlara başlayıb. Bu həftənin sonunda bir qrup müxalifət partiyasının sənəd imzalayacağı gözlənilir.
Seçkini boykot edən Azərbaycan Demokrat, Milli İstiqlal, Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi partiyaları sənədə imza atmayacaqlarını bildiriblər.
«Əməkdaşlıq mərkəzində təmsil olunacaq partiyaların prezident seçkisinin saxta bir seçki olduğunu bildirən bir sənədə imza atacaqları nəzərdə tutulub. Sənəddə göstərilib ki, belə bir seçkinin nəticələri və bunun vasitəsi ilə hakimiyyətə gələcək şəxsin legitimliyi tanına bilməz. Sənəd hazırdır və son redaktələr yekunlaşan kimi yəqin ki, onun imzalanması baş tutacaq», - deyə Qəmbər əlavə edib.
Prezident seçkisində iştirak etməyən bir neçə partiyanın yeni birliyə qoşulmaqdan imtina etməsinə münasibət bildirən Qəmbər vurğulayıb ki, məsləhətləşmələr davam edir: «Bu yekunlaşandan sonra sənədi kimlərin imzalayıb-imzalamayacağı və digər məsələlər məlum olacaq. Buna uyğun da addımlar atılacaq və fəaliyyət qurulacaq».
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, müxalifətin yeni koalisiya yaratmasının nəticəsi olmayacaq. Onun sözlərinə görə, seçkinin nəticələrinin tanınıb-tanınmaması bəzi müxalifət partiyalarının verəcəyi bəyanatdan asılı deyil. /Trend/