
“Prezident seçkilərinin boykot edilməsi, bu yolu tutan partiyaların birlik yaratması, beynəlxalq təşkilatlara müraciət mənasız işdir. Seçkilərin nəticəsinin tanınıb tanınmaması iki-üç partiyanın verəcəyi bəyanatdan asılı ola bilməz”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı aparılan danışıqlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifətin hansı formada əməkdaşlıq etməsi onları o qədər də maraqlandırmır: “Necə istəyirlər, əməkdaşlıq edə bilərlər. Baxarıq, görək nə yaradırlar, necə yaradırlar. Müxalifət mənasız işlə məşğuldur. Yəni daşı dağın başına qaldırıb yenidən aşağı buraxır. Eyni işləri təkrar edib, heç bir nəticə əldə edə bilmirlər. Seçkinin nəticəsi müxalifətdən asılı deyil, bu, xalqın seçkiyə münasibətindən asılıdır. Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir, seçkidə də fəal iştirak edəcək. O şəxslər ki, boykot sözü işlədir, xalq onların özünü çoxdan boykot edib”./APA/