
Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) hesab edir ki, müxalifətin yeni birliyinin yaranması ilə bağlı danışıqlar daha çox şəxsi maraqlara xidmət edir.
«Hələlik görünən odur ki, müxalifətin yeni əməkdaşlıq formatının yaradılması ilə bağlı danışıqlar daha çox korporativ maraqlara xidmət göstərir», - cümə axşamı Trend News-a partiyanın Ali Məclisinin üzvü Qurban Məmmədov Məmmədov bildirib.
Məmmədov bildirib ki, seçkilərin indidən qeyri-legitim olduğunu bəyan etmək ağılsızlıq ola bilər. «Gərək seçki olsun ki, ona qiymət verilsin» - deyən Məmmədovun sözlərinə görə, ADP-nin yeni əməkdaşlıq mərkəzindən kənarda qalması o deməkdir ki, bu birlik real müxalifəti özündə əks etdirmir.
«Son illərin hadisələri də sübuta yetirib ki, ADP-siz müxalifətin birliyi qeyri-mümkündür. ADP kənarda qalsa, heç kəs yeni əməkdaşlıq mərkəzini ciddi qəbul etməyəcək» - Məmmədov əlavə edib.
Məmmədov qeyd edib ki, ADP səmimi birliyin yaranmasında maraqlıdır. Onun fikrincə, müxalifətin yeni birliyinin yaranması üçün hər hansı şərt irəli sürülməməli və ortaq məxrəc tapılaraq, birlik formalaşmalıdır. /Trend/